Dövlət Təhlükəsizliyi Xidməti – Qori Munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan iki Gürcüstan vətəndaşı azadlıqdadır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir
2024-cü ilin sentyabrın 16-da Qori Munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan iki Gürcüstan vətəndaşı azadlıqdadır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Gürcüstan vətəndaşlarının qanunsuz həbsdən azad edilməsi üçün mərkəzi hakimiyyətin malik olduğu bütün müvafiq vasitələrdən, o cümlədən Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən idarə olunan “qaynar xətt” mexanizmindən istifadə edilib.
Gürcüstan vətəndaşlarının qanunsuz həbsdən qeyd-şərtsiz azad edilməsi məsələsi İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizmi (IPRM) və Cenevrə Beynəlxalq Danışıqları formatlarında müntəzəm olaraq müzakirə olunurdu.
Gürcüstanın mərkəzi hakimiyyəti beynəlxalq tərəfdaşların iştirakı ilə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi istiqamətində aktiv işi davam etdirir.