Dövlət Təhlükəsizliyi Xidməti Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçalarına mal əti əvəzinə aldadaraq at ətinin verilməsi işi üzrə iki nəfəri saxlayıb

16:52, 04.08.2026

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları hakimin qərarı əsasında külli miqdarda dələduzluq və saxtakarlıq faktı üzrə iki nəfəri saxlayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, iş Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçalarına mal əti əvəzinə aldadaraq at ətinin verilməsi faktları ilə bağlıdır.

İstintaqla müəyyən edilib ki, “B.G.M.1” və “Gürcü Ət Məhsulları Ferması” şirkətləri qeyri-kommersiya hüquqi şəxs “Marneuli Bələdiyyəsinin Ərazisindəki Uşaq Bağçaları Birliyi” və qeyri-kommersiya hüquqi şəxs “Kareli Bələdiyyəsinin Ərazisindəki Uşaq Bağçaları Birliyi” tərəfindən elan edilmiş tenderləri qazanıblar. Bu tenderlər çərçivəsində onlar uşaq bağçalarını mal əti ilə təmin etməli idilər. Qeyd olunan kommersiya təşkilatlarının direktorları 2026-cı ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə aldadaraq at əti veriblər və nəticədə dövlət büdcəsinə məxsus külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi, eləcə də 197-ci maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar