Dövlət Təhlükəsizliyi Xidməti - “Heksogen” işi üzrə təqsirləndirilən Denis Juravliov tərəfindən Qldanidə kirayəyə götürülmüş daha bir mənzil müəyyən edilib, axtarış nəticəsində kompüter mikrosxemləri, sənədlər və pul aşkarlanıb
Dövlət Təhlükəsizliyi Xidməti, “Heksogen” işi ilə bağlı qurumda əməliyyat-axtarış və istintaq hərəkətlərinin davam etməsi haqda məlumat verir.
Qurumun məlumatında, təqsirləndirilən Denis Juravliov tərəfindən Tbilisidə Qldani Rayonunda kirayəyə götürülmüş daha bir konspirativ mənzilin müəyyən edildiyi və orada axtarış aparıldığı deyilir.
“Nəticədə müxtəlif ölçülü kompüter mikrosxemləri, sənədlər və pul aşkarlanıb. Ələ keçirilən əşyaların konkret təyinatı araşdırılır” – DTX-da bildirirlər.
Məlumat üçün bildirək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi iki Ukrayna vətəndaşını saxlayıb. Sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə qeyd olunub ki, cari ilin sentyabrın 10-da Ukrayna dövlət nömrə nişanlı MERCEDES-BENZ markalı yük avtomobili Ukraynadan Gürcüstana Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyədən dövlət sərhədini keçib və “Sarpi” gömrük-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olub. Onun dayandırılması və yoxlanılması nəticəsində nəqliyyat vasitəsində əvvəlcədən diqqətlə maskalanmış gizli saxlanc yerlərində yerləşdirilmiş 2.4 kiloqram partlayıcı maddə — “Heksogen” tapılıb.
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilən partlayıcı maddənin son təyinat yeri kimi o mərhələdə Tbilisi, Avlabari ərazisində yerləşən yaşayış evlərindən biri müəyyən edilib.