Dövlət Təhlükəsizliyi Xidməti yaşayış icazəsi müqabilində xarici ölkə vətəndaşının pul vəsaitini dələduzluq yolu ilə mənimsəmə faktı üzrə "Milli Hərəkat"ın Siyasi Şurasının üzvü Laşa Tsanavanı saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti yaşayış icazəsinin alınmasının təmin edilməsi müqabilində xarici ölkə vətəndaşının pul vəsaitini dələduzluq yolu ilə mənimsəmə faktı üzrə “Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Laşa Tsanavanı saxlayıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlum olub.
DTX-nın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidzenin brifinqdə dediyi kimi, cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, məhkəmənin hökmü əsasında, “Vahid Milli Hərəkat” siyasi partiyasının Siyasi Şurasının üzvü L.Ts. saxlanılıb. İş dələduzluq, daha doğrusu, Gürcüstanda yaşayış icazəsinin alınmasının təmin edilməsi müqabilində xarici ölkə vətəndaşının pul vəsaitini dələduzluq yolu ilə mənimsəmə faktından gedir. Aparılmış istintaqla bu mərhələdə aşkar edilib ki, L. Ts. xarici ölkə vətəndaşlarından birinə öz əlaqələri vasitəsilə Gürcüstanda bir illik yaşayış icazəsinin alınmasının təmin ediləcəyinə söz verib və bunun müqabilində də ondan 5 600 Amerika dolları tələb edib. 2025-ci ilin mayın 21-də həmin xarici ölkə vətəndaşı L. Ts.-nin tələbiylə yuxarıda qeyd olunan məbləğin bir hissəsini onun hesabına köçürüb. Bundan sonra L. Ts. onunla mütəmadi şəkildə əlaqə saxlayıb və qalan məbləğin ödənilməsini israrla tələb edib. Nəticədə, qeyd olunan şəxs 2025-ci ilin mayın 30-u və iyunun 12-də Tbilisi şəhərində L. Ts. ilə görüşlər zamanı ona əlavə olaraq 2 500 Amerika dolları verib. Beləliklə, L. Ts. qanunsuz mənimsəmə məqsədilə, tələb etdiyi 5 600 ABŞ dollarından dələduzluq yolu ilə xarici ölkə vətəndaşının 2 650 Amerika dollarını mənimsəyib. O da vacibdir ki, istintaq çərçivəsində, məhkəmənin hökmü əsasında, gizli istintaq hərəkətləri aparılıb, nəticədə də qeyd olunan cinayət əməlinin törədildiyini əks etdirən audio/video dəlillər əldə edilib. Bu cinayət əməli (dələduzluq) ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19, 180-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da cəza olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – Emzar Qaqnidze Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə deyib.