Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanın doqquz regionunda keçirilən istintaq tədbirləri nəticəsində korrupsiya ittihamı ilə 28 nəfəri saxlayıb və cinayət məsuliyyətinə cəlb edib
Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-korrupsiya Agentliyinin əməkdaşları tərəfindən Gürcüstanın 9 regionunda keçirilən miqyaslı tədbirlər nəticəsində 14 müxtəlif cinayət işi üzrə aşkar edilmiş cinayətlərlə, o cümlədən rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması, işə keçirilməsi və qrup halında kommersiya rüşvətxorluğu, dövlətə məxsus vəsaitlərin və torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi və vəzifə səlahiyyətindən sui-istifadə faktları ilə bağlı ümumilikdə 28 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib – bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-korrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze idarədə keçirilən brifinqdə deyib.
Brifinqdə bəyan edildiyi kimi, dövlət satınalmaları çərçivəsində dövlətə məxsus vəsaitlərin dələduzluq yolu ilə mənimsənilməsi faktları üzrə beş müxtəlif cinayət işi üzrə 3 nəfər saxlanılıb, 11 nəfərə qarşı isə ittiham irəli sürülüb.
“Məsələ Tsalka, Axaltsixe və Tetritsğaro bələdiyyələrində müxtəlif özəl şirkətlər tərəfindən yolun hissəsinin, daxili içməli su şəbəkəsinin və dövlət məktəblərinin bərpası işlərinin aparılması zamanı sənədlərin saxtalaşdırılması və qanunsuz hərəkətlər nəticəsində on minlərlə larinin dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlıdır. Bununla yanaşı, qeyd olunan cinayət işləri ilə əlaqədar cari istintaqla həmçinin məlum olur ki, məsuliyyətə cəlb edilən şəxslərdən bir neçəsi Tbilisinin uşaq bağçaları və Batuminin pulsuz yeməkxanalarının xidmətləri üçün elan edilmiş dövlət satınalmaları çərçivəsində müxtəlif vaxtlarda müqavilədə nəzərdə tutulduğundan daha az miqdarda, fərqli marka və əmtəə nişanlı Pasxa ərzaqları və aşağı keyfiyyətli dezinfeksiyaedici vasitələr tədarük ediblər. Qeyd olunan qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 669 497 lari məbləğində ziyan dəyib.
Dövlətə məxsus torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığı faktları üzrə üç cinayət işi üzrə 7 nəfərə qarşı ittiham irəli sürülüb.
Məsələ müxtəlif vaxtlarda Dmanisi, Qurcaani və Tsalka bələdiyyələrinin meriyalarının və sakrebulolarının bir neçə nümayəndəsinin öz vəzifə səlahiyyətindən sui-istifadə edərək saxta sənədlər əsasında dövlətə məxsus ümumilikdə 91 564 kv.m torpaq sahəsini dələduzluq yolu ilə mənimsəməsi faktları ilə bağlıdır, bunun da nəticəsində dövlətə ümumilikdə 397 804 lari məbləğində ziyan dəyib.
Rüşvət alma faktları ilə bağlı isə üç cinayət işi üzrə 3 nəfər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Lançxuti və Tetritsğaro bələdiyyələrinin meriyalarının və Oni Meşə Xidmətinin nümayəndələri müxtəlif vaxtlarda Gürcüstan və xarici ölkə vətəndaşlarından dövlətə məxsus torpaqda mobil ticarət obyektinin, dırnaqarası “drive”ın yerləşdirilməsi və sonra himayə edilməsi, dövlət mülkiyyətində olan torpaq sahəsinin arıçılıq təsərrüfatının qurulması üçün verilməsi və sonra himayə edilməsi, eləcə də qanunla qadağan olunmuş palıd ağacının kəsilməsi və meşə sahəsindən çıxarılması vədi müqabilində rüşvət alıblar.
Üç cinayət işi üzrə saxta rəsmi sənədlərin hazırlanması, işə keçirilməsi və qrup halında kommersiya rüşvətxorluğu faktları ilə əlaqədar isə 4 nəfər saxlanılıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda saxta sürücülük vəsiqəsi, Gürcüstan vətəndaşının pasportu və özəl ali təhsil müəssisələrindən birinin saxta bakalavr diplomunun hazırlanması və işə keçirilməsi müqabilində rüşvət alıblar.
Yuxarıda qeyd olunan cinayətlərlə bağlı istintaq çərçivəsində, məhkəmə qərarları əsasında gizli istintaq hərəkətləri həyata keçirilib, nəticədə də qeyd olunan cinayət əməllərinin törədilməsini əks etdirən audio və video sübutlar əldə edilib.
Qeyd olunan cinayət əməlləri ilə bağlı istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a” və 3-cü hissəsinin “b” yarımbəndləri, 196-cı maddəsinin 1-ci hissəsi və 3-cü hissəsinin “b” yarımbəndi, 221-ci maddəsinin 4-cü hissəsi, 332-ci maddəsinin 1-ci hissəsi, 338-ci maddəsinin 1-ci hissəsi, 341-ci maddəsi və 362-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır.
Anti-korrupsiya Agentliyi istənilən korrupsiya cinayətinin aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir. Buradaca qeyd edək ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində hər növ korrupsiya riskinin qiymətləndirilməsinə və aradan qaldırılmasına xüsusi diqqət yetirilir. Korrupsiya səviyyəsini minimuma endirmək üçün bu istiqamətdə gündəlik iş aparılır” – DTX-də keçirilən brifinqdə bəyan ediblər.