Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Çin tərəfinin rəsmi dəvəti ilə Qlobal İctimai Təhlükəsizlik Əməkdaşlığı Forumunda iştirak edir
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Geka Geladze nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
DTX-nin məlumatına görə, qurumun rəhbəri Çin tərəfinin rəsmi dəvəti ilə Lianyungang şəhərində keçirilən Qlobal İctimai Təhlükəsizlik Əməkdaşlığı Forumunda iştirak edir.
“2026-cı il forumu çərçivəsində dünyanın 100-dən çox ölkəsindən dəvət olunmuş yüksək vəzifəli qonaqlar qlobal turbulentlik şəraitində ictimai təhlükəsizliyin idarə olunması məsələlərini müzakirə edirlər.
Tədbirdə müxtəlif ölkələrin təhlükəsizlik xidmətlərinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri iştirak edirlər.
Konfransın açılışından əvvəl Geka Geladze Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri Van Syaohunla birlikdə qlobal forum çərçivəsində keçirilən ictimai təhlükəsizlik texnologiyalarının 3-cü sərgisinə baş çəkib və müasir təhlükəsizlik texnologiyaları ilə tanış olub. Sərgiyə Çin Xalq Respublikasının İctimai Təhlükəsizliyin Birinci Tədqiqat İnstitutu ev sahibliyi edib”, – deyə məlumatda qeyd olunur.