Dövlət məktəblərində birinci sinfə şagird qəbulu üzrə növbəti qeydiyyat mərhələsi iyulun 20-də başlayacaq
2026–2027-ci tədris ili üçün dövlət məktəblərində birinci sinfə şagird qəbulu üzrə növbəti qeydiyyat mərhələsi iyulun 20-də başlayacaq və iyulun 31-dək davam edəcək.
Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, bu mərhələdə qeydiyyat dövlət məktəblərində qalan boş yerlər, eləcə də əvvəlki mərhələlər başa çatdıqdan sonra boşalan yerlər üzrə aparılacaq.
Məlumatda bildirilir ki, dövlət məktəblərində mövcud boş yerlər, tədris növbələri və sektorlar barədə məlumat Təhsilin İdarə Olunması İnformasiya Sisteminin onlayn portalında yerləşdirilib.
Qeydiyyat üçün valideyn və ya qanuni nümayəndə seçdiyi dövlət məktəbinə ərizə ilə müraciət etməli, şəxsiyyətini təsdiq edən sənədin surətini və uşağın doğum haqqında şəhadətnaməsinin surətini təqdim etməlidir. Şagirdin qeydiyyatı təqdim olunan sənədlər əsasında müvafiq dövlət məktəbi tərəfindən həyata keçiriləcək.