Dövlət Departamenti - Marko Rubio və Qazaxıstan Prezidenti görüşdə investisiyaların imkanlarının genişləndirilməsini, eləcə də əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Görüş Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ-nin sammiti başlamazdan əvvəl keçirilib.
Dövlət Departamentinin məlumatına əsasən, Marko Rubio və Kasım-Jomart Tokayev kommersiya ticarəti və investisiyaların imkanlarının genişləndirilməsini, eləcə də Qazaxıstanla ABŞ arasında enerji, texnologiyalar və infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
“ABŞ və Qazaxıstan kritik minerallara çıxışı təmin etmək və enerji təhlükəsizliyini gücləndirmək üçün tərəfdaşlıqlarını dərinləşdirməkdə və eyni zamanda, ABŞ-nin təchizat zəncirlərini gücləndirməkdə və həm Qazaxıstana, həm də ölkəmizə genişlənmiş ticarət imkanları təklif etməkdə istəklidirlər” – Dövlət Departamentinin bəyanatında deyilir.
Mərkəzi Asiya ölkələri-ABŞ sammiti C5+1 diplomatik platformasının əsasının qoyulmasının 10-cu ildönümünə həsr olunur. Donald Trampla görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər.