Donetsk vilayətində Rusiyanın irəliləməsi fonunda 14 yaşayış məntəqəsindən 1150-si uşaq olmaqla sakinlərin təxliyəsinə başlanılıb
Rusiya ordusunun irəliləməsi fonunda Ukrayna hakimiyyəti Donetsk vilayətində 14 yaşayış məntəqəsindən azyaşlı uşaqlı ailələrin məcburi təxliyəsinə başlayıb.
Donetsk vilayətinin hərbi administrasiyasının məlumatına əsasən, söhbət Beloziorskoe şəhəri; yaşayış məntəqələri – Blaqodat, Bokovoe, Vesoloe Pole, Vesna, Mirovoe, Novovodionoe, Sviatoqorovka, Viktorovka, Verovka, Kopani, Novoviktorovka, Novoukrainka və Dobropolie icmasına daxil olan Step kəndindən gedir.
Bu yaşayış məntəqələrində hazırda 1150 uşaq var.
Məcburi təxliyə ilə bağlı qərar fövqəladə hallar üzrə regional komissiyanın iclasında qəbul edilib.
Daha sonra Donetsk vilayətinin hərbi administrasiyasında Pokrovsk şəhərində bu vaxta qədər 1327 nəfərin qaldığını və şəhərdə vəziyyətin son dərəcə ağır olduğunu bəyan ediblər.
“Düşmən şəhərə gedən bütün yollara atəş açır, bu səbəbdən təxliyə kritik həddə ləngiyib” – Donetsk vilayətinin hərbi administrasiyasında bildirirlər.
Məlumat üçün bildirək ki, bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında son 24 saatda cəbhədə 165 toqquşmanın baş verdiyini bildiriblər. Onların məlumatına əsasən, Rusiya ordusu Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə iki raket və 89 aviasiya zərbəsi endirib.
Bununla yanaşı, rus əsgərlər 5120 dəfə, o cümlədən 64 dəfə reaktiv yaylım atəşi sistemindən atəş açıblar. Rusiya həmçinin 4166 drondan istifadə edib.
Ukrayna Silahlı Qüvvələrində bildirirlər ki, Pokrovsk istiqamətində son 24 saatda ukraynalı hərbçilər Rusiya ordusunun 47 hücumunu dayandırıblar.