Donald Tusk — Uzun müddətdir şübhələrimiz var və heç kəs üçün təəccüblü olmamalıdır ki, Orbanın adamları Moskvanı Avropa İttifaqı sammitləri barədə ətraflı məlumatlandırırlar
Polşanın baş naziri Donald Tusk bildirib ki, Macarıstanın xarici işlər nazirinin Aİ sammitləri zamanı Rusiyaya məlumat ötürməsi ilə bağlı informasiya heç kim üçün təəccüblü deyil.
Tuskun sözlərinə görə, bu barədə şübhələr uzun müddətdir mövcuddur.
“Orbanın adamlarının Moskvanı Avropa İttifaqı sammitləri barədə ətraflı məlumatlandırması heç kim üçün təəccüblü olmamalıdır. Bizdə bu barədə çoxdan şübhələr var. Elə buna görə də mən yalnız zəruri hallarda və lazım olduğu qədər danışıram”, — deyə Tusk sosial şəbəkədə yazıb.
Polşanın baş naziri “Washington Post”un yaydığı məlumata münasibət bildirib. Həmin məlumata görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ sammitlərinin fasilələri zamanı mütəmadi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayaraq gedən müzakirələr barədə “canlı məlumat” ötürüb.
Siyarto isə bu ittihamları rədd edir və onları “feyk xəbər” adlandırır.