Donald Tusk - 1994-cü ildə Ukrayna ABŞ, Rusiya və Birləşmiş Krallıqdan Budapeştdə ərazi bütövlüyü vədləri artıq almışdı, bu dəfə başqa yer tapmağa çalışardım
Polşanın Baş naziri Donald Tusk Ukrayna və Rusiya prezidentlərinin görüşünün Budapeştdə keçirilməsi ideyasını dəstəkləmir, çünki 1994-cü ildə Ukrayna Budapeştdə ərazi bütövlüyünün təmin olunacağına dair vədlər artıq almışdı. Bu barədə Donald Tusk sosial şəbəkədə yazıb.
“Budapeşt? Ola bilsin, hamının yadında deyil, lakin 1994-cü ildə Ukrayna Amerika Birləşmiş Ştatları, Rusiya və Birləşmiş Krallıqdan Budapeştdə ərazi bütövlüyü vədləri artıq almışdı. Ola bilsin, mən mövhumatçıyam, lakin bu dəfə başqa yer tapmağa çalışardım” – Donald Tusk yazır.
Beynəlxalq mediada yayılmış məlumata əsasən, Budapeşt Rusiya və Ukrayna prezidentləri arasında görüş üçün potensial məkan kimi nəzərdən keçirilir. ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin “Reuters”ə dediyi kimi, Zelenski ilə Putinin görüşü ola bilsin Macarıstanda keçirilsin.
1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ tərəfindən imzalanan Budapeşt Memorandumu Sovet İttifaqının dağılmasından sonra Ukrayna tərəfindən nüvə silahından imtina edilməsi müqabilində Ukraynanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək haqda idi.