Donald Trump — Xi Jinping böyük hörmət bəslədiyim insandır, biz çox yaxın dostlaşmışıq
Çinə dövlət səfərinin ikinci günündə Donald Trump Xi Jinping ilə görüşüb.
Görüş zamanı ABŞ prezidenti bildirib ki, ABŞ ilə Çin arasında münasibətlər “çox güclüdür”. Trampın sözlərinə görə, Çin səfəri onun üçün böyük şərəfdir.
ABŞ prezidenti qeyd edib ki, Si Cinpinlə İran məsələsini də müzakirə edib.
“Bu, inanılmaz səfər idi. Biz bir neçə fantastik ticarət sazişi imzaladıq. O, böyük hörmət bəslədiyim insandır, biz çox yaxın dostlaşmışıq. İran məsələsini müzakirə etdik. Bu məsələ ilə bağlı oxşar mövqelərimiz var – istəyirik ki, bu başa çatsın. Onların nüvə silahına sahib olmasını istəmirik. Boğazların açılmasını istəyirik. Onlar nüvə silahına sahib ola bilməzlər. Prezident Si Cinpinə təşəkkür etmək istəyirəm. Burada olmaq mənim üçün böyük şərəfdir. Bu, həqiqətən də möhtəşəm bir neçə gün oldu”, – deyə Tramp bildirib.
Öz növbəsində Çin prezidenti bəyan edib ki, bu, tarixi səfər olub və səfər zamanı ABŞ ilə Çin arasında yeni, konstruktiv münasibətlər qurulub.
“Bu səfər tarixi və mühüm hadisə idi. Biz iki ölkə arasında yeni, konstruktiv strateji münasibətlər qurduq. Bu, həqiqətən mühüm hadisə kimi qiymətləndirilə bilər”, – deyə Si Cinpin bildirib.