Donald Trampın təqdim etdiyi Qəzza sülh planına Avropa liderləri reaksiya verirlər
ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 20 maddədən ibarət Qəzza sülh planına Avropa liderləri münasibət bildirirlər.
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, “Hamas”ın Trampın planına razılıq verməkdən başqa seçimi yoxdur.
“İsraildən gözləntim odur ki, bu əsasda qəti şəkildə prosesə qoşulsun. ‘Hamas’ın isə başqa çıxış yolu yoxdur, dərhal bütün girovları azad etməli və bu planı icra etməlidir”, – Makron “X”-də yazıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer hər iki tərəfi ABŞ administrasiyası ilə birlikdə razılaşmanın sonlandırılması və reallığa çevrilməsi üçün işləməyə çağırıb.
İtaliyanın baş naziri isə bildirib ki, Trampın iddialı planı müharibənin birdəfəlik sona çatdırılması, bütün girovların azad edilməsi və Qəzzada humanitar yardımın əlçatanlığının təmin edilməsi cəhdində dönüş nöqtəsi ola bilər.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koxta isə İsrailin baş naziri Binyamin Netanyahunun sülh planına razılıq verməsindən məmnunluğunu ifadə edib.
“Bütün tərəflər bu fürsətdən istifadə etməli və sülhə real şans verməlidirlər”, – Koxta vurğulayıb.
Xatırladaq ki, Donald Tramp Binyamin Netanyahununla görüşdə Qəzza sülh planını təqdim edib.