Donald Tramp yeddi federal agentliyi, o cümlədən ABŞ hökuməti tərəfindən maliyyələşdirilən media qurumlarına nəzarət edən agentliyi ləğv etməyi nəzərdə tutan sərəncam imzalayıb

11:51, 15.03.2025

ABŞ prezidenti Donald Tramp 7 federal agentliyi ləğv etməyi nəzərdə tutan fərman imzalayıb. Onların arasında “Amerikanın Səsi”, “Azadlıq” radiosu və bütün dünyada ABŞ hökuməti tərəfindən maliyyələşdirilən digər media orqanlarına nəzarət edən agentlik də var. Bu barədə “The New York Times” yazır.

“New York Times” qəzetinin yazdığına görə, prezidentin imzaladığı sərəncamda qurumların rəhbərlərinə qanunla müəyyən edilməmiş bütün funksiyaların aradan qaldırılması tapşırılıb. Buraya işçilərin ixtisarı da daxildir.

“New York Times”ın məlumatına görə, Trampın sərəncamı “Amerikanın Səsi” ilə yanaşı, “Azad Avropa/Azadlıq” və “Azad Asiya” radiolarını maliyyələşdirən ABŞ-ın Qlobal Media Agentliyinə aiddir. Bu təşkilatların təxminən 270 milyon dollar büdcəsi var və 2000-dən çox işçi çalışır. Bu media orqanları qərəzsiz xəbərləri dünyaya yaymaq məqsədi daşıyır.

Trampın imzaladığı sərəncamın təsirinə məruz qalan digər agentliklərə gəlincə, bunlar: İşə xitam verilməsinin və əmək mübahisələrinin qarşısının alınması və həlli ilə məşğul olan Federal Vasitəçilik və Barışıq Xidməti; Vudro Vilson Beynəlxalq Mərkəzi; Muzeyləri, kitabxanaları və arxivləri maliyyələşdirən və dəstəkləyən Muzey və Kitabxana Xidmətləri İnstitutu; ABŞ Evsizlik üzrə İdarələrarası Şura; Azlıqlara məxsus biznesləri gücləndirməyi hədəfləyən Azlıqların Biznes İnkişafı Agentliyi.

Trampın sərəncamına əsasən, agentliklər sərəncamın icrası üçün yeddi gün ərzində ABŞ İdarəetmə və Büdcə Ofisinin direktoruna planlar təqdim etməlidirlər.

Oxşar