Donald Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib
Donald Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib

 

ABŞ Prezidenti Donald Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib.

“Reuters”in məlumatına əsasən, Burkina Faso, Mali, Nigeriya, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ölkəyə girişinə tam qadağa qoyulub. Bununla yanaşı, qadağa Fələstin Milli Administrasiyası tərəfindən verilmiş səyahət sənədlərinin sahiblərinə şamil ediləcək.

Ağ Evin bəyanatında Trampın “skrininq, yoxlama və məlumat mübadiləsi baxımından sübut olunmuş, daima və ciddi pozuntuları olan ölkələrin vətəndaşları üçün giriş məhdudiyyətlərini genişləndirən və gücləndirən” əmri imzaladığı deyilir. Ağ Ev Suriya üçün qadağanın tətbiq edilməsinin rəsmi səbəbi kimi Suriya vətəndaşları tərəfindən ABŞ-da viza ilə nəzərdə tutulan müddətlərin keçdiyini göstərib.

Ağ Evdə qadağanın 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcəyini bildirirlər.

Donald Tramp iyunda 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edib. Qadağa Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil edilib.