Donald Tramp – Ukraynaya “Patriot” sistemlərinin tədarükü məsələsi üzərində işləyirik, lakin öz ehtiyatlarımızı da bərpa etməliyik

11:55, 07.08.2026

Donald Tramp – Ukraynaya “Patriot” sistemlərinin tədarükü məsələsi üzərində işləyirik, lakin öz ehtiyatlarımızı da doldurmalıyıq.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan səylərdə irəliləyiş var, lakin münaqişənin xüsusilə çətin olduğunu qeyd edib.
“Baxın, biz bu prosesə birbaşa cəlb olunmamışıq, çünki aramızda okean var. Amma ayda 25 min gəncin öldüyünü görmək mənim xoşuma gəlmir. Rusiya və Ukrayna arasında baş verən də budur. Onlar ayda orta hesabla 25 min insan itirirlər, əsasən də əsgərlər”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, Vaşinqton müharibənin başa çatdırılması istiqamətində çalışır və müəyyən irəliləyiş görür.
“Biz bunun üzərində işləyirik və düşünürəm ki, irəliləyiş əldə edirik. Amma bu, zorakı, çox zorakı müharibədir. Bu müharibədə çox böyük nifrət var, iki lider arasında böyük nifrət var. Mən səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, ən asanlarından biri olacaq, amma ən çətini oldu. Buna baxmayaraq, irəliləyiş əldə edilib”, – deyə Tramp bildirib.
Jurnalistin Ukraynaya “Patriot” sistemlərinin verilməsini nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualına Tramp ABŞ-ın bu məsələ üzərində işlədiyini, lakin ölkənin öz ehtiyatlarını da bərpa etməli olduğunu deyib.
“Bizim də raketlərə ehtiyacımız var. Bilirsiniz, Bayden ona çox şey verdi – Bayden 300 milyard dollar dəyərində döyüş sursatı verdi. Mən vəzifədən gedəndə ehtiyatlarımız dolu idi, o isə onların böyük hissəsini verdi. İndi biz onları yenidən doldururuq və çox güclü, yaxşı döyüş sursatlarından istifadə edirik. Baxmayaraq ki, əvvəllər bəlkə də başqa vasitələrdən istifadə edə bilərdik. Bunlar bir qədər köhnə tipdir, amma eyni dərəcədə effektivdir. Bizdə belə silahlar çox böyük həcmdə var. Bundan əlavə, dünyanın müxtəlif bölgələrində döyüş sursatı ehtiyatlarımız mövcuddur və ehtiyac yaranarsa, onlardan istifadə edəcəyik. Ehtiyatlarımız bütün dünyada yerləşdirilib, lakin hazırda çox, çox yaxşı vəziyyətdəyik”, – deyə Tramp bildirib.

Oxşar