Donald Tramp Ukraynada “Starlink” və “Starshield” xidmətləri ilə əlaqədar məhdudiyyətlərin tətbiqində iştirakını təkzib edir
ABŞ Prezidenti Donald Tramp Ukraynada “Starlink” və “Starshield” xidmətləri ilə əlaqədar məhdudiyyətlərin tətbiqində iştirakını təkzib edir.
Jurnalistin İlon Maskın şəxsən “Starlink” və “Starshield”in fəaliyyətini yavaşlatmaq barədə əmr verib-verməməsi ilə bağlı sualına Tramp belə cavab verib: “Mən bu işə cəlb olunmamışam. Bunu kimin etdiyini bilmirəm, lakin mən bunda iştirak etməmişəm”.
“Biz hazırda Ukrayna məsələsində Rusiya ilə danışıqlar aparırıq. Ola bilsin, uzun müddətdən sonra ilk dəfə razılaşmaya yaxınıq. Razılaşmaya yaxın olduqda və çox həssas danışıqlar apardıqda sanksiyalar tətbiq etmirsən” – Donald Tramp qeyd edib.
Bundan əvvəl “The Wall Street Journal” İlon Maskın “Starlink”in hərbi təyinatlı versiyasının fəaliyyətini yavaşlatmaq barədə əmr verdiyi haqda məlumat yaymışdı. Söhbət Ukraynanın Rusiyanın raket hücumlarından müdafiə olunmaq üçün istifadə etdiyi xidmətdən gedir.
ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna üçün “Starlink”ə çıxışla bağlı qərarları Ağ Ev deyil, “SpaceX” şirkəti və İlon Mask qəbul edir. Bu bəyanatdan sonra Kiyev üçün xidmətə çıxışı məhz Maskın məhdudlaşdıra biləcəyi ehtimalı yarandı.