Donald Tramp - Torpağın müəyyən bir hissəsi artıq ələ keçirilib, bir hissəsi mübahisəli ola bilər, yaxşı olar ki, elə indi razılaşma bağlasınlar, Rusiya bitməsini istəyir, Ukrayna da istəyir, fikrimcə, bitirməyin vaxtıdır
Donald Tramp - Torpağın müəyyən bir hissəsi artıq ələ keçirilib, bir hissəsi mübahisəli ola bilər, yaxşı olar ki, elə indi razılaşma bağlasınlar, Rusiya bitməsini istəyir, Ukrayna da istəyir, fikrimcə, bitirməyin vaxtıdır

 

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna sülh danışıqları prosesində həll olunmamış məsələlər arasında ərazi güzəştlərini qeyd edib.

“Torpağın müəyyən bir hissəsi artıq ələ keçirilib, bir hissəsi isə mübahisəli ola bilər. Ola bilsin, onu növbəti bir neçə ay ərzində ələ keçirsinlər. Yaxşı olar ki, elə indi razılaşma bağlasınlar. Rusiya bunun bitməsini istəyir və Ukrayna da istəyir. Fikrimcə, bitirməyin vaxtıdır” – Donald Tramp jurnalistlərlə söhbətində deyib.

Tramp Vladimer Putinlə yaxşı münasibəti qoruyub saxladığı üçün onun prezidentliyi dövründə heç nə baş vermədiyini bildirib. Amerika Birləşmiş Ştatlarının Prezidenti qeyd edib ki, onun getməsindən sonra vəziyyət dəyişib və növbəti administrasiya tərəfindən verilmiş bəyanatlar tərəfləri müharibəyə qədər gətirib çıxarıb.

Bununla yanaşı, ABŞ Prezidenti bildirib ki, Vladimer Putinlə yaxşı şəxsi münasibətinə baxmayaraq, siyasi ittihamlar səbəbindən ticarət praktik olaraq imkansız olub, bu isə hər iki tərəfə zərər vurub.

“Bilirsiniz, Rusiya ilə ticarətlə böyük uğur əldə etmək olardı. Onların əla torpağı, əla mineralları və s. var. Həmçinin, bizdə onların çox istədiyi nələrsə var” – Donald Tramp bildirib.

Jurnalist Donald Trampa sabah Vladimer Putinlə telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı haqda sual verib.

“Bu, sabah nə baş verəcəyindən asılıdır – əgər nəsə əlavə olunarsa. Əks halda, ehtiyac yoxdur” – Tramp qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Ukraynada referendum keçirilməsi məsələsindən də danışıb.

“Yəqin ki, onlar öz planlarını parlament tərəfindən və ya xalq referendumu ilə təsdiqləməlidirlər. Düşünürəm ki, onlar bunu istəyirlər. Bilirəm ki, sorğu keçirilib və 91 faiz bu müharibənin bitməsinin tərəfdarıdır. Beləliklə, onlar bunun bitməsini istəyirlər, hamı kimi. Rusiya bitməsini istəyir, hamı bitməsini istəyir, biz də istəyirik. Mən çox sayda insanın ölümünü görmək istəmirəm” – Donald Tramp Volodimir Zelenski ilə birlikdə keçirilən mətbuat konfransında deyib.

Bununla yanaşı, Donald Trampa Rusiya Prezidentinin Ukraynada referendum keçirilməsi üçün atəşkəsə razı olub-olmaması ilə bağlı Vladimer Putinin mövqeyi haqda sual verilib.

“Xeyr, atəşkəsə deyil. Bu, hazırda üzərində işlədiyimiz məsələlərdən biridir. Putin hesab edir ki, hazırda onlar döyüşürlər və əgər döyüş müvəqqəti olaraq dayandırılarsa, sonra isə razılaşma əldə oluna bilməsə və müharibə yenidən başlasa, Rusiya pis vəziyyətə düşəcək. Putin bu vəziyyətdə olmaq istəmir. Mən bu mövqeyi başa düşürəm. Prezident Putini bu baxımdan başa düşürəm. Qarşı tərəfi də başa düşməlisiniz. Mən sülhün, müharibənin dayandırılmasının tərəfdarıyam. Düşünürəm ki, bu problem həll olunacaq” – Tramp əlavə edib.