Donald Tramp telefon danışığı zamanı Benyamin Netanyahunu dəli adlandırdığını təsdiqləyib
Donald Tramp telefon danışığı zamanı Benyamin Netanyahunu dəli adlandırdığını təsdiqləyib. Podkastlardan birində jurnalistin İsrailin Baş nazirini “sadəcə dəli” adlandırıb-adlandırmadığı sualına, Tramp müsbət cavab verib.
“Bəli, demişəm. Qəzəbli olduğumu deyə bilmərəm. Bilirsiniz, onun daim Livanla dava-dalaşına görə bir az narahat idim. Müəyyən bir məqamda ona dedim: Bibi, dayanmalıyıq” – Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ Prezidenti Benyamin Netanyahu ilə çox yaxşı münasibətinin olduğunu qeyd edib.
Onun sözlərinə əsasən, İranla müharibə başlamasaydı, “İsrail indi mövcud olmazdı”.
“Biz onların nüvə silahına sahib olmasına icazə verə bilmərik. Bu, İsrailə aiddir, çünki yəqin ki, zərbəni ilk alan onlar olardı. İsrail artıq mövcud olmazdı” – Tramp bildirib.
Məlumat üçün bildirək ki, dünən “Axios” nəşri ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunu kəskin tənqid etdiyinə dair məlumat yaymışdı. Nəşrin anonim mənbəyə istinadən yazdığı kimi, ABŞ Prezidenti İsrail liderini “dəli” və “nankor” adlandırıb.