Donald Tramp sosial şəbəkədə “Tramp üslubunda millətçilik bütün dünyada güclənir – Le Penin uğurunu təkrarlayaraq növbəti Fransa olacaqmı?” başlıqlı məqaləni paylaşıb
“Tramp üslubunda millətçilik bütün dünyada güclənir. Le Penin uğurunu təkrarlayaraq növbəti Fransa olacaqmı?” – ABŞ Prezidenti Donald Tramp bu başlıqlı məqaləni sosial şəbəkə hesabında paylaşıb.
Məqalədə bildirilir ki, fransalı siyasətçi və hüquqşünas Marin Le Pen Fransada prezidentliyə namizədliyini irəli sürərək, sosializm və sol ideologiyadan sağ siyasi qüvvələrə doğru dəyişən qlobal siyasi meyldən faydalanacağına ümid edir.
Yazıda qeyd olunur ki, bir çox ölkədə seçicilər sosial dövlətlərin genişlənməsi, açıq sərhəd siyasəti, kimlik siyasətinə əsaslanan idarəetmə və milli suverenliyin tədricən zəifləməsinə səbəb olduğu iddia edilən fövqəlmilli qaydalardan yorulublar.
Məqaləyə əsasən, Marin Le Pen seçkilərdə qalib gələrsə, Fransa artıq İtaliyada müşahidə olunan siyasi dəyişikliklərin növbəti mərhələsinə çevrilə bilər. Nümunə olaraq 2022-ci ildə “İtaliyanın Qardaşları” Partiyasının nümayəndəsi Corca Meloninin baş nazir seçilməsi və sağ koalisiya hökumətinə rəhbərlik etməsi göstərilir.
Yazıda həmçinin Niderlandda Gert Vildersin “Azadlıq Partiyası”nın, İsveçdə sağ-mərkəzçi blokun və Polşada mühafizəkar siyasətçi Karol Navrotskinin uğurları da misal kimi göstərilir.
Bundan başqa, məqalədə qeyd olunur ki, Tramp administrasiyasının Hökumətin Səmərəliliyi Departamenti tərəfindən USAID-in ləğv edilməsindən sonra Mərkəzi və Cənubi Amerikada sağ yönümlü namizədlər bir sıra seçki qələbələri qazanıblar. Buna misal olaraq Boliviya, Honduras, Çili, Kosta-Rika və Peruda keçirilmiş prezident seçkiləri göstərilir.