Donald Tramp Si Dzinpinə guya Amerika silahı almağı təklif etməsi ilə bağlı yayılan məlumatı təkzib edir
ABŞ Prezidenti Donald Tramp guya Çin lideri Si Dzinpinlə Amerika istehsalı olan silahın satışı məsələsini müzakirə etməsi barədə məlumatı təkzib edib. Bu barədə məlumatı “The Hill” yayır.
Medianın məlumatına əsasən, Donald Tramp Çin liderinə Amerika silahının satışını təklif etmədiyini bildirib. Lakin o qeyd edib ki, Çin yəqin ki, onu “almaq istəyir”.
“Bu barədə heç vaxt eşitməmişəm. Ondan soruşmağıma da ehtiyac yoxdur. Nəzərdə tutursunuz ki, biz onları satmağa hazırlaşırıq? Xeyr, yəqin ki, onlar almaq istəyirlər, çünki biz onlardan daha yaxşı avadanlıq istehsal edirik. Beləliklə, bəlkə də bu yaxşı fikirdir, lakin biz bunu müzakirə etməmişik” – Tramp bildirib.
ABŞ Prezidentinin ehtimalına görə, ABŞ-nin Çindəki səfiri Devid Perdiu öz bəyanatında səhvə yol verib və Çini Tayvanla səhv salıb.
“Ola bilsin ki, o, Tayvanı nəzərdə tuturdu. Düşünürəm ki, yəqin məhz bunu nəzərdə tuturdu“ – Donald Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ-nin Çindəki səfiri Devid Perdiu “Fox News”a müsahibəsində ABŞ Prezidenti Donald Trampın Çin Prezidenti Si Dzinpinə Amerika silahı almağı təklif etdiyini açıqlamışdı. Perdiunun sözlərinə əsasən, Tramp görüş zamanı Si Dzinpindən Amerika silahını almaq istəyib-istəmədiyini soruşub. Diplomat söhbətin konkret hansı növ silahdan getdiyini dəqiqləşdirməyib.