Donald Tramp – Səudiyyə Ərəbistanı ilə mülki nüvə razılaşması təsdiqlənəcək, lakin bu, Ər-Riyadın “İbrahim sazişləri”nə qoşulub-qoşulmayacağından asılıdır
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı ilə razılaşmanın uranın zənginləşdirilməsini nəzərdə tutmadığını bildirib. Bu barədə ABŞ Prezidenti sosial şəbəkədə yazıb.
Lakin, onun sözlərinə əsasən, razılaşmanın yekun olaraq təsdiqlənib-təsdiqlənməməsi Səudiyyə Ərəbistanının “İbrahim sazişləri”nə qoşulub-qoşulmayacağından asılıdır.
“ABŞ-nin Energetika Departamenti ilə Səudiyyə Ərəbistanı arasında mülki nüvə razılaşması təsdiqlənəcək (materialın zənginləşdirilməsi olmayacaq), lakin bu, tamamilə Səudiyyə Ərəbistanının çox hörmətli və uğurlu “İbrahim sazişləri”nə qoşulub-qoşulmayacağından asılıdır. Razılaşma yalnız qeyri-hərbi təyinatlı sahəyə aiddir, İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr bu cür proqrama artıq malikdir. Birləşmiş Ştatlar mülki (zənginləşdirilməmiş yanacağın istifadəsinə əsaslanan) nüvə obyektlərinin mövcudluğuna qarşı deyil” — Donald Tramp yazıb.
ABŞ-nin Energetika Departamentinin məlumatına əsasən, ABŞ və Səudiyyə Ərəbistanı mülki nüvə energetikası sahəsində tarixi razılaşma imzalayıblar. “Reuters”in məlumatına əsasən, razılaşma Krallığa Amerika texnologiyalarından istifadə edərək nüvə reaktorları tikməyə və uranı zənginləşdirməyə imkan verəcək.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Donald Trampın səyləri sayəsində İsrail ilə “İbrahim sazişləri”ni Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş imzalayıb. Fələstin dövlətçiliyinə doğru addımların olmaması səbəbindən Səudiyyə Ərəbistanı bu müqaviləni imzalamaqda təmkinli davranır.