Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı senator Lindsi Qremin təqdim etdiyi qanun layihəsinin İrana qarşı tarifləri də əhatə etməsini istəyir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyalarla bağlı təqdim etdiyi qanun layihəsinə İrana qarşı tariflərin tətbiqi imkanının da əlavə olunmasını istəyir.
ABŞ Prezidentinin sözlərinə görə, qanun layihəsində Rusiyaya qarşı tariflər nəzərdə tutulur, lakin İranla əlaqəli olan beş ölkəyə qarşı tariflərin tətbiqi əksini tapmayıb.
“İrana da tariflərin tətbiq olunmasını istəyirəm. Bu, qanun layihəsini daha da gücləndirər”, – deyə Donald Tramp bildirib.
Jurnalistlər ABŞ Prezidentinə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş barədə də sual ünvanlayıblar.
Donald Tramp görüşü müsbət qiymətləndirib və qeyd edib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var.
“Mən müharibənin başa çatmasını istəyirəm. Məsələ çox sadədir. Hər ikisi ilə yaxşı münasibətlərim var. Mən ona müharibənin bitməsini istədiyimi dedim. Təkcə ötən ay 25 min insan həlak olub. Bu, qəbuledilməzdir”, – deyə Donald Tramp vurğulayıb.