Donald Tramp – Rusiyanın Ukraynanın NATO-ya daxil olması məsələsi ilə bağlı hisslərini başa düşə bilərəm
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampın bəyanatına əsasən, Rusiyanın Ukraynadakı müharibəsi hazırda “çox daha mürəkkəbdir” və daha da şiddətlənə bilər.
Mar-a-Laqoda jurnalistlərə danışan Tramp prezident Co Baydenin Ukrayna ilə münasibətdə danışıqlar taktikasını tənqid edib.
Donald Tramp ABŞ-ın indiki prezidenti Co Baydeni Rusiya-Ukrayna müharibəsini başlatmaqda da günahlandırıb. ABŞ-ın seçilmiş prezidentinin izah etdiyi kimi, o, Rusiyanın Ukraynanın NATO-ya daxil olması məsələsi ilə bağlı hisslərini başa düşə bilər.
Müharibənin səbəblərindən danışarkən Tramp qeyd edib ki, Ukraynanın NATO-ya daxil olma imkanı “uzun illər boyunca Rusiyanın probleminin əhəmiyyətli hissəsi olub”.
“Haradasa bu vaxt Bayden dedi: “Xeyr, ukraynalıların NATO-ya daxil olmaq imkanı olmalıdır”. Mən Rusiyanın bu məsələ ilə bağlı hisslərini başa düşə bilərəm. Əslində, inanıram ki, onların razılaşması olub və sonra Bayden onu pozub. Onların Ukraynanı və hər kəsi qane edəcək razılaşması var idi, lakin Bayden dedi: “Xeyr, sizin NATO-ya daxil olmaq imkanınız olmalıdır” – Tramp bildirib.
Ukraynada davam edən müharibəni müzakirə etmək üçün Rusiyanın Prezidenti Vladimer Putinlə nə vaxt görüşməyi planlaşdırdığı haqda suala Tramp cavab verib: “Bunu deyə bilmərəm, amma Putinin görüşmək istədiyini bilirəm. Ayın 20-dən əvvəl görüşməyi düzgün hesab etmirəm, bundan nifrət edirəm, çünki bilirsiniz ki, hər gün insanlar ölür – çoxlu, olduqca çox gənc – əsgərlər ölür”.
Donald Tramp bildirib ki, prezident olsaydı, müharibə baş verməzdi. “Bu müharibə indikindən qat-qat ciddi vəziyyətə çevrilə bilər” – Donald Tramp qeyd edib.