Donald Tramp - Putinin Ukraynadan kənarda ərazi iddiaları ola bilər, lakin o, indi məsələnin həllini istəyir
Putinin Ukraynadan kənarda ərazi iddiaları ola bilər, lakin o, indi məsələnin həllini istəyir – bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammiti başa çatdıqdan sonra mətbuat konfransında deyib.
Donald Tramp Vladimer Putini səhvə sürüklənmiş şəxs hesab etdiyini deyir.
ABŞ Prezidenti İranla olduğu kimi, Rusiya Prezidenti ilə də məsələni həll edə biləcəyinə ümidvar olduğunu deyib.
Donald Tramp qeyd edib ki, NATO sammiti çərçivəsində keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə atəşkəs məsələsi haqda danışmayıb.
“O, əslində çox yaxşıdır. Bilirsiniz, bir qədər çətin dövrümüz oldu, lakin daha yaxşısı ola bilməzdi. Zənnimcə, o, bütün bunların bitməsini istəyir. Görüşdən çıxardığım nəticə odur ki, düşünürəm, o, bütün bunların bitməsini istəyir. Düşünürəm ki, o, bunun bitməsini istəyir. Düşünürəm ki, indi bunu bitirmək üçün mükəmməl zamandır. Vladimer Putinlə danışacağam və görək, bunu bitirə bilirik yoxsa yox. Keçən həftə yeddi minə yaxın gənc ukraynalı və rus əsgər həlak olub. Bu, dəlilikdir. Zelenski ilə yaxşı görüş keçirdim” – Donald Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, onun Rusiya-Ukrayna müharibəsinin 24 saat ərzində bitməsi ilə bağlı bəyanatı sarkastik olub, çünki vəziyyət hər kəsin təsəvvür etdiyindən daha çətindir.
“Vladimer Putin daha çətin idi. Səmimi desəm, Zelenski ilə müəyyən problemlərim var idi. Ola bilər ki, bu barədə oxumusunuz. Bu digər müharibələrlə müqayisədə daha çətindir. Biz 30 ildir qaynayan müharibəni 12 günə bitirdik. Biz Ruanda və Konqo münaqişəsini bitirdik, Serbiya və Kosovo münaqişəsini bitirdik. Ən önəmlisi isə nüvə silahına malik olan Hindistan və Pakistan idi. Mən onlara dedim ki, əgər döyüşməyə davam etsələr, ticarət razılaşmalarımız olmayacaq. Onlar dedilər ki, xeyr, bizə bu razılaşmalar lazımdır” – Donald Tramp bildirib.
ABŞ-nin Ukraynaya “Patriot” raket sistemləri verib-verməyəcəyi ilə bağlı suala cavabında Donald Tramp bildirib ki, o, ABŞ-nin onlardan bəzilərinə çatımlılığı təmin edə bilib-bilməyəcəyinə baxacaq, lakin onların “əldə edilməsinin çox çətin olduğunu” etiraf edir.