Donald Tramp – Prezident Putinlə mümkün qədər tez görüşmək və müharibəni dayandırmağımızı istəyirəm, milyonlarla həyat itir
ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının Rusiya və Ukrayna arasında sülh danışıqlarına nail olunmasını təmin etmək üçün işləməyə başlayacağını bildirib. Bu haqda Amerika Birləşmiş Ştatlarının Prezidenti Dünya İqtisadi Forumunun illik iclasında virtual çıxışı zamanı danışıb.
“Prezident Putinlə mümkün qədər tez görüşmək və müharibəni dayandırmağımızı istəyirəm. Bu, iqtisadi səbəblərə görə deyil. Bu ona görədir ki, milyonlarla həyat itir” – Tramp qeyd edib.
Donald Tramp Ukraynanın sülh danışıqlarına hazır olduğunu bildirib. O, Rusiya-Ukrayna müharibəsindən “kəsimxana” olaraq bəhs edib və əlavə edib ki, İkinci Dünya Müharibəsindən sonra heç kim belə səhnələri görməyib.
Bununla yanaşı, ABŞ Prezidenti nüvə resurslarının azaldılması məsələsindən də danışıb.
“Mən sizə deyim ki, prezident Putin nüvə resurslarının azaldılması ideyasını çox bəyəndi. Düşünürəm ki, dünyanın qalan hissəsi də bununla razılaşacaq. Düşünürəm ki, Çin də bizə qoşulacaq. Bu Çinin də xoşuna gəldi” – Donald Tramp bildirib.