Donald Tramp - NATO sammitində məni Avropanın prezidenti deyə çağırırdılar, bizə hörmət edirlər, adamlarımız müharibəni bitirməyin mümkün olub-olmadığını öyrənmək üçün Rusiyadadırlar, bu məsələni həll etməyə çalışırıq
ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, onun nümayəndələri Rusiya-Ukrayna müharibəsini bitirməyin mümkün olub-olmadığını öyrənmək üçün hazırda Rusiyadadırlar.
Trampın jurnalistlərə dediyi kimi, Amerikanın müharibədə maliyyə cəhətdən artıq iştirak etməməsinə baxmayaraq, yenə də bu məsələni həll etməyə çalışır.
“Amerika yenidən dünyada güclü və hörmət edilən ölkədir. NATO sammitində olduğum zaman məni Avropanın prezidenti deyə çağırırdılar. Bizə hörmət edirlər. Bildiyiniz kimi, adamlarımızın Rusiya ilə Ukrayna arasında həll etməyə çalışdığı müharibə ilə bağlı problemimiz var. Artıq bu müharibədə maliyyə cəhətdən iştirak etmirik. Bayden 350 milyard dolları sanki konfet kimi verdi. Bu, çox böyük məbləğdir. Mən heç nə verməmişəm, NATO-ya avadanlıq satırıq, Avropa ölkələri bizə indi pul ödəyirlər və sonra onu Ukraynaya aparırlar. Bu məsələni həll etməyə çalışırıq. Mən səkkiz müharibəni bitirmişəm, bu, doqquzuncu olacaq və adamlarımız bunu bitirməyin mümkün olub-olmadığını öyrənmək üçün Rusiyadadırlar. Asan vəziyyət deyil. Bu, mən prezident olsaydım heç vaxt baş verməyəcək müharibədir və dörd il ərzində bu baş verməyib” – Tramp bildirib.
Məlumat üçün bildirək ki, Moskvada Rusiya Prezidenti Vladimer Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner arasında rəsmi görüş keçirilir.