Donald Tramp – NATO-dan çox məyus olmuşdum, əgər bu sammit dostumun çox güclü lider olduğu Türkiyədə keçirilməsəydi, bəlkə də ümumiyyətlə iştirak etməzdim
ABŞ Prezidenti Donald Tramp Ankarada jurnalistlərlə söhbəti zamanı NATO-dan məyus olduğunu bildirib.
“Mən NATO-dan çox məyus olmuşdum. Düzünü desəm, bu sammit dostumun çox güclü lider olduğu Türkiyədə keçirilməsəydi, bəlkə də ümumiyyətlə iştirak etməzdim” – Donald Tramp bildirib.
ABŞ Prezidenti NATO sammitinin Türkiyədə keçirilməsinin böyük hadisə olduğunu deyib. Bununla yanaşı, Trampın qeyd etdiyi kimi, ABŞ-nin heç kimin köməyinə ehtiyacı yoxdur.
“İranda etdiklərimizə görə bizimlə yaxşı rəftar etmədilər. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur, mən onların köməyini heç istəmirdim də” – Tramp qeyd edib.
Donald Tramp, ABŞ-nin digər ölkələri, həmçinin Kanadanı qorumaq üçün NATO-ya “trilyonlarla dollar” investisiya qoyduğunu deyib.
“Mən deyirəm ki, bu yaxşıdır, elə düşünərdiniz ki, onlar bizə kömək etmək üçün böyük məmnuniyyətlə nəsə edərdilər, lakin onlar real olaraq bunu etmədilər” – ABŞ Prezidenti bildirib.
Bununla yanaşı, Donald Tramp Birləşmiş Krallığın Baş naziri vəzifəsindən iyunun 22-də istefa verən Kir Starmerin hərəkətlərini yada salıb.
“Kir Starmer artıq vəzifədə deyil, bu, onun atdığı çox qeyri-populyar addım idi. O dedi: “Xeyr, biz sizə müharibə bitdikdən sonra kömək edəcəyik”. Mən belə bir köməyə ehtiyacım olmadığını söylədim. Bizim ümumiyyətlə heç bir köməyə ehtiyacımız yox idi. Müəyyən mənada mən insanları sınağa çəkirdim ki, onların bizim yanımızda olub-olmayacaqlarını görüm” – Tramp bildirib.