Donald Tramp Minnesotada İmmiqrasiya və Gömrük Xidmətinin əməliyyatının başa çatdırılmasına razılıq verib
Donald Tramp Minnesotada İmmiqrasiya və Gömrük Xidmətinin əməliyyatının başa çatdırılmasına razılıq verib. Bu barədə immiqrasiya əməliyyatlarının rəhbəri Tom Homan bildirib.
Homan qeyd edib ki, Tramp əməliyyatın yekunlaşdırılması ilə bağlı onun müraciətini təsdiqləyib.
“Mən bütün agentlərimizi geri çəkmək niyyətində deyiləm, lakin dediyim kimi, əməliyyat başa çatır. Biz immiqrasiya qanunlarının icrasını davam etdirəcəyik – Amerika xalqı məhz buna səs verib. Burada gördüyümüz işlərin nəticəsində Minnesota artıq cinayətkarlar üçün əvvəlki kimi sığınacaq ştatı deyil”, – deyə Homan vurğulayıb.
Əməliyyat çərçivəsində ştata İmmiqrasiya və Gömrük Xidmətinin 3 min agenti göndərilmişdi. Homanın sözlərinə görə, əməliyyat zamanı 4 mindən çox miqrant saxlanılıb.