Donald Tramp Meksikanın aprelin 2-dək Amerika Birləşmiş Ştatları-Meksika-Kanada arasındakı ticarət sazişinin əhatə etdiyi mallara rüsum ödəməkdən azad ediləcəyini bildirir
ABŞ-nin Prezidenti Donald Tramp Meksikanın aprelin 2-dək Amerika Birləşmiş Ştatları-Meksika-Kanada arasındakı ticarət sazişinin əhatə etdiyi mallara rüsum ödəməkdən azad ediləcəyini bildirib.
“Meksika Prezidenti Klaudia Şeinbaumla danışdıqdan sonra mən razılaşdım ki, Meksika ABŞ-Meksika-Kanada sazişinin əhatə etdiyi mallar üçün rüsum ödəmək məcburiyyətində olmayacaq” – Tramp sosial şəbəkədə yazır.
Bununla yanaşı, Donald Trampın qeyd etdiyi kimi, onun Meksika Prezidenti ilə yaxşı münasibəti var və onlar miqrantların Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni girişini dayandırmaq, eləcə də “fentanil”in yayılmasına qarşı mübarizə aparmaq üçün birgə çalışırlar.
Öz növbəsində, Meksika Prezidenti Klaudia Şeinbaum Trampla söhbətindən sonra sosial şəbəkədəki paylaşımında əla dialoq apardıqlarını qeyd edib.
“Biz razılaşdıq ki, işimiz və əməkdaşlığımız suverenliyimizə hörmət çərçivəsində görünməmiş nəticələr verib” – Şeinbaum yazır.
Hələlik Tramp oxşar güzəştin Kanadaya da şamil edilib-edilməyəcəyini dəqiqləşdirməyib. Amerika Birləşmiş Ştatları-Meksika-Kanada sazişi Donald Trampın ilk prezidentlik dövründə qüvvəyə minmiş üç dövlət arasında ticarət paktıdır. Hər altı ildən bir nəzərdən keçirilməlidir.