ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki cari hadisələrə “Truth Social” sosial şəbəkəsində münasibət bildirir.
Tramp hüquq-mühafizə orqanlarının əməkdaşlarını maskalı nümayişçiləri həbs etməyə çağırır.
“Maskalı insanları həbs edin, təcili” – Tramp yazır.
Xatırladaq ki, Kaliforniyada İmmiqrasiya Xidmətinin federal agentləri ilə nümayişçilər arasında toqquşmalar yaşanır. İğtişaşlar İmmiqrasiya Xidməti tərəfindən sənədsiz miqrantlara qarşı reydlər aparılmasından sonra baş verdi. Toqquşmalar həmçinin Los-Anceles şəhərində, eləcə də ətraf yaşayış məntəqələrində – Paramaunt və Komptonda baş verib. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Molotov kokteyli”, daş və müxtəlif əşyalar atıblar. Aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə ediblər. Son iki gün ərzində 118 nəfər saxlanılıb. Xəsarət alanlar barədə məlumatlar yayılır.
İmmiqrasiya icraatı əməliyyatlarına görə nümayişçilər ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verməsindən sonra Donald Tramp Los-Ancelesə Milli Qvardiyanın 2000 üzvünün yerləşdirilməsi barədə sərəncam imzaladı.
Donald Tramp Los-Ancelesdə yerinə yetirdikləri işə görə Milli Qvardiyaya təşəkkür edib və “Radikal solçuların etirazlarına dözümlülük göstərilməyəcəyini” deyib. Bununla yanaşı, Tramp qeyd edib ki, etiraz aksiyalarında maskalardan istifadə qadağan olunacaq.