Donald Tramp Kapitoli hadisələrində iştirak edən 1600-ə yaxın şəxsin əfv edilməsi və cənub sərhədində “fövqəladə vəziyyət”in elan edilməsi də daxil olmaqla, yüzə yaxın sərəncam imzalayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp prezidentliyinin ilk günündə yüzə yaxın mühüm icra sərəncamı imzalayıb. Birinci mərhələdə Tramp bir neçə sərəncamı tərəfdarları qarşısında keçirilən tədbirdə imzalayıb, daha sonra Ağ Evə keçib. İcra sərəncamlarına Kapitoli hadisələrində iştirak edən təxminən 1600-ə yaxın şəxsin əfv edilməsi və rəsmi dövlət qurumunu təmsil etməyən “Hökumətin Effektivliyi Departamenti”nin yaradılması daxildir.
Sosial siyasətlə əlaqədar, Amerika Birləşmiş Ştatlarının Prezidenti “qadınları gender ideologiyasından qorumaq” və “federal hökumətdə bioloji həqiqəti bərpa etmək” haqqında sərəncamlar imzalayıb.
Xarici siyasət baxımından, Tramp Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq üçün prosedurlara başlayıb.
Həmçinin, Amerika Birləşmiş Ştatlarının Prezidenti ölkənin cənub sərhədində “fövqəladə vəziyyət” elan edib.
Bundan əvvəl, Donald Tramp inauqurasiya nitqi ilə çıxış edərkən “ölkə üçün fəlakət olan cənub sərhədinə işğalı dayandırmaq üçün” qoşun göndərəcəyini qeyd etmişdi. “Biz “Meksikada qal” siyasətimi bərpa edəcəyik. “Tut və burax” praktikasına son qoyacağam” – Tramp bildirib.
İnzibati islahatlar çərçivəsində: Bayden administrasiyasının 78 icra aktı ləğv edildi, administrasiya hökumət üzərində tam nəzarəti əldə edənə qədər yeni reqlamentlərin buraxılması dayandırıldı, federal məşğulluq məhdudiyyəti tətbiq edildi (hərbi və bəzi istisnalardan başqa), federal dövlət məmurlarına tam zamanlı olaraq ofisə qayıtmaq, bütün dövlət qurumlarına mənzil xərcləri məsələsinə reaksiya vermək tapşırılıb.
İfadə azadlığı ilə bağlı prezident Tramp “Hökumət senzurasının qarşısını almaq üçün” göstərişlər verib.
Həmçinin, Tramp “TikTok” qadağasının qüvvəyə minməsini müvəqqəti dayandıran sərəncam imzalayıb və “Keçmiş dövlət məmurlarının seçkilərə müdaxiləsinə görə məsuliyyəti haqqında” göstəriş verib.