Donald Tramp - İranlılar birinci hücum etmək niyyətində idilər, mən bunu hiss edirdim və bunun baş verməsini istəmirdim
İranda hər şey məhv edilib – bu haqda ABŞ Prezidenti Donald Tramp Almaniyanın kansleri Fridrix Merts ilə görüşü zamanı deyib.
“Onların donanması yoxdur, məhv edilib, hava qüvvələri yoxdur, məhv edilib, demək olar ki, hər şey məhv edilib. Biz çox yaxşı işləyirik, əla hərbi qüvvələrimiz var və onlar fantastik iş görürlər” – Tramp bildirib.
İrana hücum qərarını necə verdiyinə dair suala, Tramp qeyd edib ki, İran özü zərbə endirmək niyyətində idi və o, bunu istəmirdi.
“Biz bu çılğınlarla danışıqlar aparırdıq. Onlar birinci hücum etmək niyyətində idilər, mən bunu hiss edirdim. Danışıqların necə getdiyini nəzərə alsaq, düşünürəm ki, onlar birinci hücuma keçəcəkdilər və mən bunun baş verməsini istəmirdim. İsrail hazır idi və biz də hazır idik” – Tramp bildirib.
ABŞ Prezidentinin sözlərinə əsasən, İran baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələrə zərbə endirib.
“Onlar sadəcə qəddardılar. Məsələ, siyasətlə bağlı deyil, bu onların bütün fəlsəfəsidir, dəhşətlidir. Bu, sadəcə çox qəddar ideologiyadır və heç kim buna bənzər bir şey görməyib. Onlar Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Omana zərbə vurdular, danışıqlarda bizə kömək edirdilər və İran hamını vurdu. Onlar dəlidirlər. Əgər onların nüvə silahları olsaydı, istifadə edərdilər” – Tramp bildirib.
Bununla yanaşı, Tramp qeyd edib ki, İran yalnız mülki şəxslərə, otellərə və yaşayış binalarına zərbələr endirir.