Donald Tramp İranla danışıqların bu gün bərpa olunacağını bildirir
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bu gün bərpa olunacağını bildirib.
“Onlar necə bir miqyasda hücumun planlaşdırıldığını bilirdilər, çünki hazırlıqların necə getdiyini görürdülər. İndi isə biz onlarla danışıqlar formatında danışırıq. Bu, günortadan sonra başlayacaq və baxaq, necə nəticə olacaq” – Donald Tramp bildirib.
O, planlaşdırılan hücumun ləğv olunmasını ondan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi müttəfiqlərin və İranın özünün xahiş etdiyini deyib.
“Əməliyyata başlamaq üçün hər şeyimiz hazır idi, lakin müttəfiqlər onun ləğv olunmasını bizdən xahiş etdikdə dedik: “Yaxşı, baxarıq”. Bu xahişi etmələrinin səbəbi odur ki, onlar razılaşmanın əldə olunmasının mümkün olduğunu hesab edirlər. Hörmüz məsələsində razılaşma var, daha sonra isə nüvə məsələsi və ya necə adlandıra bilərik, İranın nüvəsizləşdirilməsi üzrə razılaşma olacaq. Mən bunu İranın nüvəsizləşdirilməsi adlandırıram” – Tramp qeyd edib.
“CNN”in məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohamed bin Salman Trampla telefon danışığı aparıb və bu zaman ABŞ Prezidentini regionda müharibənin deeskalasiyasına çağırıb.
Bununla yanaşı, İranın dövlət mediası İranın Trampdan planlaşdırılan hücumları dayandırmağı xahiş etməsi barədə məlumatı təkzib edib.