Donald Tramp – İranın ali lideri Müctəba Xameneyinin öldüyünü düşünmürəm

18:54, 26.08.2026

 

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xameneyinin ölümü ilə bağlı yayılan məlumatlara inanmadığını bildirib.

“O, çox ağır yaralanıb. Bədəninin sol tərəfi – qolu, ayağı, hər şeyi. O, çox ağır yaralanmışdı, amma öldüyünü düşünmürəm” – Tramp bildirib.

Həmçinin, ABŞ Prezidenti İran hakimiyyətinin Xameneyi ilə bağlı ictimaiyyəti səhvə sürükləməyə çalışdığını istisna etməyib.

O, İran rəsmilərinin mühüm məsələlərdə hələ də Xameneyi ilə məsləhətləşdiyini və onun təsdiqini gözlədiklərini bildirib.

ABŞ Prezidenti iranlı danışıqçılar haqqında da danışaraq onlara inamının olmadığını, bu səbəbdən istənilən ssenarinin baş verə biləcəyini qeyd edib.

Jurnalistin müharibədə qələbə gözləyib-gözləmədiyi ilə bağlı sualına Tramp belə cavab verib: “Bizim maliyyə gücümüz inanılmazdır və bütün bunlar çox böyük qələbəyə doğru gedir”.

Bununla yanaşı, Tramp İrandakı etiraz hərəkatının ölkə hakimiyyətini dəyişdirə biləcəyini bildirib, lakin iranlılar üçün etirazları davam etdirməyin çətin olduğunu qeyd edib. O bildirib ki, bir çoxları iranlıların niyə hakimiyyətə qarşı çıxmadığına təəccüblənir.

“Sənə atəş açdıqları və səni öldürməyə hazır olduqları zaman etiraz etmək çox çətindir. Məhz buna görə etiraz etmirlər” – Tramp bildirib.

Onun sözlərinə əsasən, İranda etiraz aksiyalarının iştirakçılarına binaların damlarına yerləşdirilmiş snayperlər atəş aça bilər.

“İnsanlar aksiyaya çıxır və onlara atəş açırlar. Çox insan öldürməyə də ehtiyac yoxdur; beş, altı və ya on nəfərin yıxıldığını görəndə, orada 100 000 və ya 200 000 insan olsa belə, onlar dağılışırlar. Kim olmağından asılı olmayaraq – onlar gedirlər” – ABŞ Prezidenti qeyd edib.

Oxşar