Donald Tramp: İrana qarşı daha genişmiqyaslı hərbi zərbələrin endirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirirəm
ABŞ Prezidenti Donald Tramp Axios nəşrinə müsahibəsində bildirib ki, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasını ciddi şəkildə nəzərdən keçirir. Onun sözlərinə görə, söhbət “Epik Qəzəb” əməliyyatı çərçivəsində həyata keçirilən zərbələrdən daha genişmiqyaslı hücumlardan gedir.
Tramp qeyd edib ki, belə bir əməliyyat mühüm nəticələr verə bilər. Bununla yanaşı, o, yekun qərarın hələ qəbul edilmədiyini vurğulayıb.
ABŞ-ın daha iki rəsmi nümayəndəsi də təsdiqləyib ki, hazırda bununla bağlı yekun qərar yoxdur və hərbçilərə yeni əmr verilməyib.
“Misli görünməmiş miqyasda hücumu nəzərdən keçirirəm. Qərar verməyə çox yaxınım. Biz buna tam hazırıq”, – deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, əgər İsrailə müraciət etsə, bu ölkə “iki dəqiqə ərzində” əməliyyata qoşulacaq. Bununla belə, Tramp vurğulayıb ki, ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlamaq üçün heç kimin dəstəyinə ehtiyacı yoxdur.
Onun sözlərinə görə, İsrailin mümkün əməliyyata qoşulması müəyyən nəticələr doğura bilər. Tramp bununla İranın cavab zərbələrini məhz İsrailə yönəldə biləcəyinə işarə edib.
Prezident bildirib ki, İran danışıqları davam etdirmək istəyir, lakin hazırkı mərhələdə razılaşma əldə etməyə hazır deyil.
“Onlar hələ kifayət qədər əziyyət çəkməyiblər”, – deyə Donald Tramp bildirib.