Donald Tramp İordaniyada İranın bombardmanı nəticəsində iki amerikalı hərbçinin həlak olmasına münasibət bildirib – “Onlar bunu İranın nüvə silahına sahib olmasını istəmədikləri üçün etdilər”

14:39, 19.07.2026

ABŞ Prezidenti Donald Tramp İordaniyada İranın bombardmanı nəticəsində iki amerikalı hərbçinin həlak olmasına münasibət bildirib və bəyan edib ki, hərbçilər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün böyük fədakarlıq göstəriblər.
ABŞ prezidentinin sözlərinə görə, Tehran dayandırılmasa, region daha genişmiqyaslı münaqişəyə cəlb oluna bilər. Tramp ABŞ hərbi missiyasının hələ də kritik əhəmiyyət daşıdığını iddia edib.
“Onlar bunu İranın nüvə silahına sahib olmasını istəmədikləri üçün etdilər… və bu, onların [iranlıların] nə qədər pis olduğunu göstərir”, – deyə Tramp hərbçilər barədə danışarkən bildirib.
İordaniyada Muvaffaq Salti hava bazasına hücum nəticəsində ABŞ-ın iki hərbçisi həlak olub, biri itkin düşmüş hesab olunur, azı dörd nəfər isə yaralanıb. ABŞ Prezidenti həmçinin Konqresdəki bir neçə demokrat üzvün hərbçilərin ölümündə onu günahlandıran bəyanatlarından sonra müharibənin gedişatını müdafiə edib.
“Heç vaxt soruşmusunuzmu, Vyetnamda nə qədər insan həlak olub? Heç vaxt soruşmusunuzmu, Əfqanıstanda bir gündə nə qədər insan öldü? Co Baydenin idarə etdiyi bir gündə. Biz iki müharibədən danışırıq: Venesuela və bu məsələ. Bu, kədərlidir, amma bu halda onlar İranın nüvə silahına sahib olmasını və Yaxın Şərqin partlamasını istəmədikləri üçün həlak oldular”, – deyə Tramp bildirib.

Oxşar