Donald Tramp İman Ofisi yaradacağını və federal hökumətdə anti-xristian qərəzlilik hallarının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı baş prokurora tapşırıq verəcəyini bildirir
ABŞ Prezidenti Donald Tramp Ağ Evin İman Ofisini yaradacağını və federal hökumətdə anti-xristian qərəzlilik hallarının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı baş prokuror Pam Bondiyə tapşırıq verəcəyini açıqlayıb.
“Bu işçi qrupunun missiyası federal hökumətdə, o cümlədən vəziyyətin həyəcan təbili çaldığı Ədliyyə Departamentində, eləcə də Gəlirlər Xidmətində və Federal Təhqiqatlar Bürosunda xristian icmasına qarşı ayrı-seçkiliyin bütün formalarını dərhal dayandırmaq olacaq” – Donald Tramp bildirib.
Bundan əlavə, Donald Tramp dini etiqad azadlığı məsələləri üzrə yeni prezident komissiyası yaradacağını deyib.
“Mən hər zaman dini azadlığı müdafiə edəcəm. Məhz buna görə də bu gün elan etmək şərəfinə nail oldum ki, dini etiqad azadlığı məsələləri üzrə yeni prezident komissiyası yaradıram. Bu, olduqca mühüm addım olacaq və Komissiya bu əsas hüququ qorumaq üçün yorulmadan çalışacaq. Əgər bizdə dini etiqad azadlığı olmasa, o zaman azad ölkəmiz olmayacaq, ola bilsin ümumiyyətlə, ölkəmiz belə olmayacaq. Məni xilas edən məhz tanrı oldu” – Amerikanın Prezidenti qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ-nin Konstitusiyasına edilən Birinci Düzəliş hökumətin dinə dəstəyini məhdudlaşdırır.