Donald Tramp: Hörmüz boğazı tezliklə açılacaq, əks təqdirdə İranı çox ağır zərbə gözləyir
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, Tehranla “çox yaxşı danışıqlar” aparılır. Bununla yanaşı, o xəbərdarlıq edib ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Birləşmiş Ştatlar hərbi zərbələri bərpa edəcək.
“Hörmüz boğazı çox tezliklə açılacaq. Əks təqdirdə onlar çox ağır zərbə alacaqlar”, – deyə Tramp bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, İran razılaşmanın şərtlərinə yenidən əməl etməzsə, cavab daha sərt olacaq.
“Əgər onlar yenidən geri çəkilsələr, çox güclü zərbə alacaqlar. Onlar bunu bilirlər və başa düşürlər ki, mənim başqa seçimim qalmayacaq”, – deyə Tramp vurğulayıb.
Bununla yanaşı, Tramp qeyd edib ki, əsas məqsədi hərbi əməliyyatları yenidən başlamaq deyil və o, diplomatik razılaşmaya üstünlük verir.
“Biz onlara çox, çox güclü zərbə endirdik. Ancaq ən ağır zərbə hələ qarşıdadır və ümid edirəm ki, ondan istifadə etməyə ehtiyac qalmayacaq. Ümid edirəm ki, buna ehtiyac olmayacaq. Hazırda çox yaxşı danışıqlar aparırıq. Sadəcə, onlar bunu etiraf etmək istəmirlər”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, İran ABŞ ilə birbaşa danışıqlar apardığını təkzib edir. Tehran bəyan edir ki, Hörmüz boğazı məsələsi ilə bağlı danışıqları yalnız Omanla aparır.