Donald Tramp hökumətin yenidən açılması qanun layihəsini imzalayıb, bu isə o deməkdir ki, "şatdaun" başa çatdı
ABŞ Prezidenti Donald Tramp federal hökumətin yenidən açılması haqqında qanun layihəsini imzalayıb, bu isə o deməkdir ki, ABŞ tarixində ən uzunmüddətli “şatdaun” rəsmi olaraq başa çatdı. Bu haqda məlumatı “CNN” yayır.
Media, ABŞ Nümayəndələr Palatasının qanun layihəsini 222 lehinə, 209 əleyhinə səslə qəbul etməsi haqda məlumat verir. Qanun layihəsini dəstəkləyənlər arasında altı Demokrat konqresmen olub. Qanun layihəsini əvvəlcə Senat, sonra isə Nümayəndələr Palatası təsdiqləyib, bundan sonra da o, imzalanması üçün ABŞ Prezidentinə göndərilib.
Demokratlar və Respublikaçılar arasında əldə edilən və 43 günlük “şatdaun”u bitirən razılaşma, həmçinin Donald Tramp tərəfindən başladılmış kütləvi şəkildə işdən çıxarmaları dayandıracaq, federal əməkdaşlara maaşların müntəzəm verilməsinə, on milyonlarla amerikalıya ərzaq almaq üçün yardımın göstərilməsinə və hökumətin işinə qayıtmasına yol açacaq.