Donald Tramp Harvard Universitetində təhsil almağı və ya mübadilə proqramlarında iştirak etməyi planlaşdıran əcnəbi tələbələrin ölkəyə girişini altı ay müddətinə dayandırıb
Donald Tramp Harvard Universitetində təhsil almağı və ya mübadilə proqramlarında iştirak etməyi planlaşdıran əcnəbi tələbələrin ölkəyə girişini altı ay müddətinə dayandırıb

 

Donald Tramp Harvard Universitetində təhsil almağı və ya mübadilə proqramlarında iştirak etməyi planlaşdıran əcnəbi tələbələrin ölkəyə girişini altı ay müddətinə dayandırıb. ABŞ Prezidenti bu sərəncamı iyunun 4-də imzalayıb və “milli təhlükəsizlik” səbəblərini əsas olaraq göstərib. O, əcnəbi tələbələrin bu təhsil müəssisəsinə sonrakı qəbulunun ABŞ-nin maraqlarına “ziyan vurduğunu” deyib.

Harvard Trampın qərarını “qisas” adlandırdı və beynəlxalq tələbələrini müdafiə etməyə davam edəcəyini qeyd edib.

Tramp bu sərəncamı keçən həftə məhkəmənin Daxili Təhlükəsizlik Departamentinin beynəlxalq tələbələrin Harvarda qəbul edilməsini qadağan edən qərarını dayandırmasından sonra verib.

Tramp Harvard Universitetini “tələbələrin və professor-müəllimlərin vətəndaş hüquqlarına məhəl qoymamaqda” ittiham edib.

“Bu faktları nəzərə alaraq, mən müəyyən etdim ki, ABŞ-a yalnız və ya əsasən Harvard Universitetində təhsil almaq məqsədi ilə daxil olmağı planlaşdıran əcnəbi vətəndaşların girişini məhdudlaşdırmaq lazımdır” – Tramp bildirib.

Trampın sərəncamı həmçinin dövlət katibinə hazırda universitetdə təhsil alan əcnəbi tələbələrin vizalarının ləğvi məsələsinə baxmağı tapşırır.

2024–2025-ci tədris ilində Harvardda təxminən yeddi min əcnəbi tələbə qeydiyyatdan keçirdi ki, bu da universitetin tələbələrinin 27%-ni təşkil edir.

Ağ Ev Harvardın “əcnəbi tələbələrin qeyri-qanuni və ya təhlükəli fəaliyyəti” haqqında Daxili Təhlükəsizlik Departamentinə kifayət qədər məlumat verə bilmədiyini bildirib.

Tramp administrasiyası Harvard Universitetini və bir neçə ali təhsil müəssisəsini antisemitizmə qarşı kifayət qədər tədbir görməməkdə ittiham edir.