Donald Tramp - Fəxrlə bəyan edirəm ki, İsrail və "HƏMAS" sülh planımızın birinci mərhələsini imzalayıblar, bütün girovları tezliklə azad edəcəklər və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək
Böyük fəxrlə bəyan edirəm ki, İsrail və “HƏMAS” sülh planımızın birinci mərhələsini imzalayıblar – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
“Bu o deməkdir ki, bütün girovları çox tezliklə azad edəcəklər və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək, bu isə güclü, dayanıqlı və davamlı sülhə doğru ilk addım olacaq.
Bütün tərəflərlə ədalətli davranılacaq! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu millətlər və Amerika Birləşmiş Ştatları üçün möhtəşəm gündür.
Bu tarixi və misli görünməmiş hadisəni mümkün etmək üçün bizimlə birlikdə çalışan Qətər, Misir və Türkiyənin vasitəçilərinə təşəkkür edirik” – Donald Tramp yazır.
Məlumat üçün bildirək ki, bu gün Qəzzada müharibənin bitməsi ilə bağlı danışıqlar Şarm əl-Şeyxdə genişləndirilmiş formatda keçirilib. Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və müşaviri Cared Kuşner iştirak edirdilər. ABŞ Prezidenti Donald Tramp Qəzza sülh planını İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı sentyabrın 29-da təqdim edib, bir neçə gün sonra isə “HƏMAS” planla razılaşıb.