Donald Tramp federal subsidiyaları kəsməklə İlon Maskın şirkətlərini məhv etməyəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp federal subsidiyaları kəsməklə İlon Maskın şirkətlərini məhv etməyəcəyini bildirib.
Tramp milyarder texnoloji sahibkarın biznesinin çiçəklənməsini istədiyini deyib.
“Hamı deyir ki, İlon Maskın şirkətlərini məhv edəcəyəm, çünki mən onun ABŞ hökumətindən aldığı iri miqyaslı subsidiyaların hamısını olmasa da, bir qismini aldım. Bu belə deyil! İstəyirəm ki, İlon və ölkəmizdəki bütün bizneslər uğurlu olsun” – Donald Tramp qeyd edib.
Bundan əvvəl İlon Mask “Tesla” şirkətinin investorlarına xəbərdarlıq etmişdi ki, ABŞ hökuməti tərəfindən elektromobil istehsalçılarına dəstəyin azalması şirkət üçün çətin dövrlərə səbəb ola bilər.
İyunda baş vermiş fikir ayrılığından bir həftə sonra “Reuters” məlumat yaydı ki, Ağ Ev Müdafiə Departamenti və “NASA”ya iş adamı və onun şirkətlərinə qarşı mümkün addımları hazırlamaq üçün “SpaceX” ilə milyardlarla dollar dəyərində müqavilələrin təfərrüatlarını toplamaq tapşırığını verib.
Medianın yazdığı kimi, Mask Trampa noyabrın prezident seçkilərində qalib gəlməsinə kömək etmək üçün dörddə bir milyard dollardan çox pul xərcləyib və Hökumətin Səmərəliliyi Departamentinin büdcəni və federal işçi qüvvəsini azaltmağa xidmət edən səyinə rəhbərlik edib. Mask mayın sonunda administrasiyanı tərk edib. Maskın prezident tərəfindən vergilərin azaldılması və xərclər haqda təqdim olunmuş qanun layihəsini açıq şəkildə tənqid etməsi ilə Tramp və Mask arasında münasibətlər tezliklə gərginləşdi.