Donald Tramp doğumla vətəndaşlıq əldə edilməsi qaydalarının məhdudlaşdırılmasını nəzərdə tutan iki icra sərəncamını imzalayıb

10:17, 07.08.2026

ABŞ Prezidenti Donald Tramp doğumla vətəndaşlıq əldə edilməsi qaydalarının məhdudlaşdırılması və “doğum turizmi” ilə mübarizəni nəzərdə tutan iki icra sərəncamını imzalayıb.
Ağ Evin məlumatına görə, yeni tədbirlər ABŞ-da doğulan uşaqların avtomatik olaraq Amerika vətəndaşlığı alması hüququnun hansı şəxslərə şamil edilməyəcəyini müəyyənləşdirir.
Tramp administrasiyası bildirir ki, mövcud sistemdən sui-istifadə olunur, çünki bəzi xarici vətəndaşlar yalnız uşaqlarının ABŞ-da doğulması və avtomatik Amerika vətəndaşlığı alması məqsədilə ölkəyə səfər edirlər.
Trampın bu qaydanı dəyişmək üçün əvvəlki cəhdi iyun ayında ABŞ Ali Məhkəməsi tərəfindən bloklanmışdı.
ABŞ-ın qüvvədə olan qanunvericiliyi “doğum turizmi”ni birbaşa qadağan etmir. Lakin Trampın ilk prezidentlik dövründə – 2020-ci ildə qəbul edilən federal qaydalar turist və biznes vizalarından yeni doğulan uşağın avtomatik ABŞ vətəndaşlığı alması məqsədilə istifadə edilməsini qadağan edir. Belə sxemlərdə iştirak edən şəxslər dələduzluq və ya digər cinayətlər üzrə məsuliyyətə cəlb oluna bilərlər.
Reuters yazır ki, ABŞ-a xüsusi olaraq uşaq dünyaya gətirmək və ona vətəndaşlıq qazandırmaq məqsədilə gələn əcnəbilərin sayı və bunun amerikalı vergi ödəyicilərinə başa gələn xərcləri ilə bağlı rəsmi statistika mövcud deyil. 2025-ci ildə ABŞ-da təxminən 3,6 milyon uşaq dünyaya gəlib.

Oxşar