Donald Tramp – Dizelə ən çox Yaxın Şərq yox, Rusiyada baş verən hadisələr zərər vurur, Rusiya-Ukrayna müharibəsi dizel üçün ən böyük problemə çevrildi
ABŞ Prezidenti Donald Tramp dizel ixracının qadağan edilməsi mövzusunda hər gün danışdığını bildirib, çünki Ağ Ev enerji qiymətlərinin kəskin artması ilə mübarizə aparır.
Tramp bildirib ki, ixracın qadağan edilməsi benzinin qiymətinə mənfi təsir göstərə bilərdi, lakin dizelin ucuzlaşmasına kömək edərdi. Onun izahatına əsasən, dizelin bahalaşmasının əsas səbəbi Ukrayna-Rusiya müharibəsidir, çünki hər iki tərəfdən endirilən zərbələr enerji daşıyıcılarının istehsalına və ixracına təsir edir.
“Bu, hər gün düşündüyümüz və danışdığımız bir məsələdir, lakin görünür, benzinə mənfi təsir edəcək, o, bir az bahalaşacaqdı, dizel isə bir az ucuzlaşacaqdı. Düşünürük ki, çox yaxşı vəziyyətdəyik. İndi dizelə ən çox Yaxın Şərq yox, Rusiyada baş verən hadisələr zərər vurur, çünki oradakı dizel emalı zavodları kifayət qədər narahatlıq doğuran templə vurulur. Bu baş verməsəydi, dizel problemimiz olmazdı. Rusiya-Ukrayna müharibəsi dizel üçün ən böyük problemə çevrildi” – Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
ABŞ Prezidenti Hörmüz boğazı haqda da danışıb. O bildirib ki, neftin qiyməti düşməyə başlayacaq, çünki boğazdan böyük həcmdə neft keçir.
“Biz onu sözün həqiqi mənasında idarə edirik. Tam nəzarətimiz var. Lakin bu, yəqin, hər zaman dəyişə bilər. Son iki gündə tarixdə ən çox neft çıxarılıb” – Donald Tramp qeyd edir.