Donald Tramp – Bu gün İrana qarşı ən dağıdıcı iqtisadi əməliyyata başladığımızı elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq
“Bu gün İrana qarşı indiyədək hər hansı ölkəyə tətbiq edilmiş ən dağıdıcı iqtisadi əməliyyata başladığımızı elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, İranın razılaşmaya nail olması üçün heç kim ona Trampın özü qədər imkan verməyib, lakin Tehran bu fürsətdən istifadə edə bilməyib.
“İran İslam Respublikasına razılaşmaya nail olmaq üçün məndən daha çox imkan verən olmayıb. Təəssüf ki, onlar bu fürsətdən istifadə edə bilmədilər. Buna görə də bu gün hər hansı bir ölkəyə qarşı indiyədək həyata keçirilmiş ən dağıdıcı iqtisadi əməliyyata başladığımızı elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri artıq mövcud deyil, hava qüvvələri məhv edilib, hərbi zavodları xarabalığa çevrilib, milli valyutası dəyərdən düşüb, ölkə isə uçurumun kənarındadır.
“Bu gün həmçinin elan edirəm ki, öz maliyyə institutlarına, bizneslərinə, hava limanlarına və ya dövlət qurumlarına İrana hər hansı formada yardım göstərməyə imkan verən istənilən ölkə özü də ən ağır iqtisadi nəticələrlə üzləşəcək.
Neft qaçaqmalçılığı, maliyyə sxemləri, nağd pul köçürmələri, valyutadəyişmə məntəqələri, gəmilərin qeydiyyatı, saxta şirkətlər – bütün bunlar dərhal dayandırılmalıdır. Söhbətin kimdən getdiyini bilirsiniz.
Bu, İrana qarşı misli görünməmiş iqtisadi hücumun başlanğıcı olacaq. Bizə bütün müttəfiqlərimizin dəstəyi lazımdır ki, ABŞ-la birlikdə İranı təcrid edək və İran təhlükəsini məğlub edək.
Bu dəlilər küncə sıxışdırılıblar və bu tarixi tədbirlər onların terroru bütün dünyaya yaymaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək. İranın heç vaxt nüvə silahı olmayacaq”, – Donald Tramp yazıb.