Donald Tramp bu gün Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuya ev sahibliyi edəcək
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuya ev sahibliyi edəcək.
“Sky News”un yazdığı kimi, liderlərin görüşü Qəzza sektorunda müharibəni bitirmək üçün ən vacib görüşlərdən biri olacaq. Onların məlumatına əsasən, Tramp son vaxtlar Netanyahuya təzyiqi artırıb və cümə günü jurnalistlərə deyib ki, razılaşma yaxındır.
Donald Tramp və Benyamin Netanyahu arasında görüş öncəsi israilli girovların ailələri ABŞ Prezidentinə məktub göndəriblər.
“Minnətdarıq və sizin gücünüzdən, Amerika Birləşmiş Ştatlarının gücündən asılıyıq. Müharibənin dayandırılmasına və 48 girovun evlərinə qaytarılmasına yönəlmiş ikiqat diqqətiniz İsrailin hazırda apardığı genişmiqyaslı müharibə ilə kəskin ziddiyyət təşkil edir. Bu ziddiyyətə baxmayaraq, inancınızı cəsarətlə qoruduğunuz üçün sizə təşəkkür etmək istəyirik. Xahiş edirik, cənab Prezident, dayanmayın. Biz sizə ehtiyac duyuruq. Bizim 48 sevimli insanımız – atalarımız, bacı-qardaşlarımız, övladlarımız – sizə ehtiyac duyurlar. Biz sevimli insanlarımıza evdə ehtiyac duyuruq” – girovların ailə üzvləri bildirirlər.
“SkyNews” yazır ki, “HƏMAS” qruplaşması hazırda 48 girov saxlayır, İsrail onlardan 20-yə yaxınının hələ də sağ olduğunu düşünür.
2023-cü ilin oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücumu zamanı 1200 nəfər həyatını itirib, 251 nəfəri isə girov götürüblər.