Donald Tramp bəyan edir ki, əgər Brüssel ABŞ-a 600 milyard dollar investisiya yatırmaqla bağlı vədini yerinə yetirməzsə, Avropa İttifaqına qarşı 35%-lik tariflərin tətbiqi hələ də mümkündür
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, əgər Brüssel ABŞ-a 600 milyard dollarlıq investisiya yatırmaqla bağlı vədini yerinə yetirməzsə, Avropa İttifaqına qarşı 35%-lik tariflərin tətbiqi hələ də gündəmdə ola bilər.
Bu barədə ABŞ prezidenti CNBC-yə müsahibəsində bildirib.
“Onlar öz tariflərini satın aldılar, 600 milyard dollar ödədilər və bu səbəbdən mən tarifləri 30-35%-dən aşağı saldım. Bəzi ölkələr soruşurdu: “Necə ola bilər? Avropa İttifaqı bizdən az ödəyir?” Mən cavab verdim: “Çünki onlar mənə 600 milyard dollar verdilər.” Məsələ budur: mən bu 600 milyardı istədiyim hər şeyə sərf edə bilərəm. Bu pulla nə istəsəm edə bilərəm. Məqsəd isə o idi ki, onlar bizi illərlə soyurdular və artıq ödəmək vaxtı çatdı. Onlar ödəməlidirlər”, – deyə Tramp bildirib.
Qeyd edək ki, iyulun sonunda Avropa İttifaqı və ABŞ arasında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Avropa məhsullarının böyük əksəriyyəti ABŞ-a 15%-lik tariflə ixrac olunacaq. Həmçinin bu razılaşma Aİ-nin 750 milyard dollar dəyərində Amerika enerjidaşıyıcılarını almasını, ABŞ-da 600 milyard dollarlıq investisiya yatırmasını və əlavə olaraq ABŞ istehsalı olan hərbi texnikanın alınmasını da nəzərdə tutur.