Donald Tramp bəyan edib ki, ABŞ-da seçkilərdə istifadə olunan səsvermə avadanlıqları Rusiya, Çin və İran tərəfindən mümkün müdaxilələrə qarşı son dərəcə həssasdır
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın seçki sisteminə yönələn əsas təhdidlərdən biri kimi Rusiyanı göstərib.
Trampın sözlərinə görə, ABŞ-da seçkilərdə istifadə olunan səsvermə avadanlıqları, o cümlədən Rusiya, Çin və İran tərəfindən mümkün müdaxilələrə qarşı “son dərəcə həssasdır”.
BBC-nin yazdığına görə, ABŞ-ın seçki sistemindəki zəifliklər uzun müddətdir məlumdur. Məlumatda bildirilir ki, bu çatışmazlıqların bir hissəsi 2016-cı il prezident seçkilərindən sonra aradan qaldırılıb. Həmin vaxt ABŞ kəşfiyyat orqanları Rusiyanın seçki kampaniyasına fəal şəkildə müdaxilə etdiyini müəyyən etmişdi.
BBC-nin məlumatına əsasən, ABŞ kəşfiyyat xidmətləri Rusiyanın seçki prosesinə müdaxilə məqsədi daşıyan koordinasiyalı kampaniya həyata keçirdiyini müəyyən edib. Bu kampaniyaya haker hücumları, sosial şəbəkələr vasitəsilə təsir əməliyyatları və yerli seçki fəaliyyətlərinin maliyyələşdirilməsi daxil idi.