Donald Tramp Amerika Birləşmiş Ştatlarının ola bilsin Panama kanalına nəzarəti geri qaytaracağını bildirir
Donald Tramp Amerika Birləşmiş Ştatlarının ola bilsin Panama kanalına nəzarəti geri qaytaracağını bildirir. ABŞ-ın seçilmiş prezidenti deyir ki, Atlantik və Sakit okeanları birləşdirən nəqliyyat kanalına çıxmaq üçün ABŞ gəmilərinin üzərinə “gülünc” və ədalətsiz vergilər qoyulur.
“Bizim dəniz qüvvələrimizlə və ticarət gəmilərimizlə çox ədalətsiz və vicdansız davranırdılar. Panama tərəfindən qoyulan vergilər gülüncdür, son dərəcə ədalətsizdir, xüsusən də Panamaya göstərilmiş qeyri-adi səxavət fonunda. Bu dayanacaq. Birləşmiş Ştatların Panama kanalının təhlükəsiz, səmərəli və etibarlı fəaliyyətində böyük marağı var. Bu səxavətli jestin mənəvi, eləcə də hüquqi prinsiplərinə hörmət edilməzsə, o zaman Panama kanalının tam, tez və sual olmadan Amerika Birləşmiş Ştatlarına qaytarılmasını tələb edəcəyik” – Donald Tramp bildirib.
ABŞ-ın seçilmiş prezidentinin bəyanatları Panama hakimiyyətində narazılıqla qarşılanıb. Ölkənin prezidenti Xose Raul Mulino qeyd edib ki, Panama kanalı və ona bitişik ərazi panamalıların müstəsna irsidir.
“Panama kanalının və ona bitişik ərazinin hər kvadrat metri Panamaya məxsusdur və belə davam edəcək. Ölkəmizin suverenliyi və müstəqilliyi ilə bağlı danışıqlar imkansızdır” – Panamanın Prezidenti bildirib.
Birləşmiş Ştatlar Panama kanalını 1900-cü illərin əvvəllərində inşa etdi, çünki öz sahilləri arasında ticarət və hərbi gəmilərin tranzitini asanlaşdırmaq üçün yollar axtarırdı. 1999-cu ilin 31 dekabrında prezident Cimi Karterin 1977-ci ildə imzaladığı müqaviləyə əsasən, Vaşinqton Panama kanalına nəzarətdən imtina etdi.